QƏDƏRƏ TƏSLİM OLMAQ VƏ TƏVƏKKÜLDƏKİ SİRLƏR

Təvəkkül sadəcə güclü bir imana sahib, Allahın gücünü təqdir edə bilən və Ona yaxın olan möminlərə aid bir özəllikdir. Qavraya bilənlər üçün təvəkküldə önəmli sirlər və böyük nemətlər vardır. Təvəkkül Allaha və yaratdığı qədərə qəti bir təslimiyyət və etibardır. Allah insanlar da daxil olmaqla canlı – cansız bütün varlıqları bir qədərlə yaratmışdır. Məsələn, günəşin, ayın, dənizlərin, göllərin, ağacların, çiçəklərin, kiçik bir qarışqanın, budaqdan düşən tək bir yarpağın, stolunuzun üstündəki toz zərrəsinin, yolda yeriyərkən ayağınıza dəyən daşın, on il əvvəl satın aldığınız paltarın, soyuducunuzdakı şəftəlinin, ananızın, atanızın, qohum - əqrəbalarınızın, məktəb yoldaşlarınızın, sizin, qısacası hər kəsin və hər şeyin Allah yanında milyonlarca il öncə dəqiqlənmiş bir qədəri (taleyi) vardır. Və hər varlığın qədəri Allah yanında “Lövhi – Məhfuz” adlı bir kitabda yazılmışdır. Kimin nə zaman öləcəyi, hansı yarpağın nə vaxt hansı sürətlə yerə düşəcəyi, soyuducunuzdakı şəftəlinin nə vaxt, harasından çürüməyə başlayacağı, daşın ayağınıza dəyənə qədər keçirəcəyi mərhələlər, qısası, kiçikli – böyüklü hər hadisə bu kitabda qeyd olunmuşdur.

Möminlər taleyə (qədərə) iman gətirərlər və Allahın yaratdığı qədərin ən xeyirlisi və ən gözəli olduğunu bilərlər. Buna görə də həyatlarının hər anında təvəkküllüdürlər. Yəni hadisələri Allahın müəyyən bir hikmətlə yaratdığını və şahid olduqları hadisə nə olursa – olsun, Allahın bunda bir xeyir gördüyünü bilirlər. Məsələn, ölümcül bir xəstəliyə tutulmaq, çox güclü və amansız bir düşmən ordusu ilə qarşılaşmaq, məsum olmasına baxmayaraq iftiralara uğramaq və ya insanın ağlına gələ biləcək ən ürküdücü hadisələr belə möminləri həyacana və ya qorxuya salmaz. Onlar Allahın özləri üçün yaratdığını səbr və mətanətlə gözləyərlər. İman gətirməyən bir insanın dəhşətə və ümidsizliyə qapılacağı hadisələr qarşısında onlar böyük bir zövq alarlar. Çünki ən ürküdücü görüntülər və danışıqlar belə Allah yanında əvvəlcədən planlaşdırılmış və insanın imtahanı üçün yaradılmışdır. Bunları səbr və təvəkküllə qarşılayanlar, Allaha və Onun yaratdığı qədərə təslim olub güvənənlər Allahın razılığını və sevgisini qazanacaqlar, əvəzində sonsuzluğa kimi Cənnətdə yaşayacaqlar. Beləliklə, möminlər həyatları boyunca təvəkkülün rahatlığını və imanın sevincini yaşayarlar. Bu, Allahın möminlərə verdiyi bir sirr və gözəllikdir və Allah Quranda təvəkkül edənləri sevdiyini bildirir. (“Ali – İmran” surəsi, ayə 159)

Təvəkkül haqqında Quranda bildirilən bir başqa məsələ isə tədbirdir. Quranın bir çox ayəsində möminlərin müxtəlif vəziyyətlərdə ala biləcəkləri tədbirlər bildirilməkdədir. Bununla birlikdə Allah tədbirlərin Onun yazdığını dəyişdirməyəcəyini, ancaq bunların bir ibadət olaraq qəbul ediləcəyini də başqa ayələrində insanlara bir sirr olaraq verir. Hz. Yəqubun oğullarına şəhərə girərkən tövsiyə etdiyi tədbirlər və bunun ardınca təvəkkülü xatırlatması buna bir nümunədir. Mövzuyla bağlı ayə belədir:

“Dedi: “Oğullarım! Eyni qapıdan girməyin, ayrı – ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza – qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (“Yusif” surəsi, ayə 67)

Hz. Yəqubun sözlərindən də göründüyü kimi, möminlər mütləq hər məsələdə xəbərdarlıq edirlər. Ancaq Allahın qədərlərində özləri üçün dilədiklərini dəyişdirə bilməyəcəklərini bilirlər. Məsələn, bir insan yol hərəkət qaydalarına çox diqqət yetirməli, avtomabilini təhlükəli bir və şəkildə sürməməlidir. Bu, özünün və digər insanların həyatı üçün önəmli bir tədbir və ibadətdir. Ancaq Allah əgər bir insan üçün bir yol qəzasında ölməyi yazmışsa, görüləcək heç bir tədbir onun ölümünə mane ola bilməz. Bəzən bir insanın aldığı xəbərdarlıq və ya etdiyi bir hərəkət onu ölümdən qurtarmış kimi görünə bilər. Və ya bir insan həyatında ani bir qərara gələrək həyatının gedişini tamamən dəyişə bilər, başqa biri ölümcül bir xəstəliyə tutulmuşkən, güc və iradə göstərərək xəstəliyə qalib gələ bilər. Ancaq bütün bunlar o adamların qədərlərində olduğu üçün belədir.

Bəzi insanlar bu cür hadisələri “Qədərini məğlub etdi”, “Qədərini dəyişdirdi” kimi son dərəcə məntiqsiz və yanlış bir şəkildə yozurlar. Halbuki heç bir insan, ən güclü və əzmli görünəni belə, Allahın onun, ya da başqaları üçün yazdığı qədəri dəyişdirə bilməz. Heç bir insan bu gücə malik deyildir. Əksinə, hər varlıq Allahın yaratdığı qədər qarşısında acizdir və əslində təbii olaraq qədərə təslimdir. Sadəcə, bir çoxu bunu qəbul etmək istəmir. Qədərin varlığını inkar etmək də əslində onun qədərindədir.

Nəticə etibarı ilə xəstəlikdən və ya ölümdən qurtaran, ya da həyatının gedişini tamamən dəyişən insanların hamısı qədərlərində olduğu üçün bunların hamısını yaşayırlar. Allah bunu ayələrində belə bildirir:

“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, fəxr edən heç bir kəsi sevməz!” (“Hədid” surəsi, ayə 22 – 23)

Allahın ayədə də bildirdiyi kimi, insanın qarşılaşdığı hər hadisə Allah yanındakı bir kitabda əvvəlcədən müəyyənləşdirilərək yazılmışdır. Və Allah bu səbəbdən insanın əlindən çıxana görə üzülməməsinin lazım olduğunu söyləyir. Məsələn, böyük bir yanğında və ya girdiyi ticarət həyatında bütün malını, mülkünü itirən bir insan, bunu qədərində olduğu üçün yaşayar. Buna mane olması və ya qarşısını alması mümkün deyildir. Onda bunun üçün kədərlənməsi də mənasız olacaqdır. Allah insanları qədərlərində yazdığı təyin etdiyi bir çox hadisə ilə dəyərləndirir. Bu hadisələrə təvəkkül edənlər Allahın razılığını və sevgisini qazanarlar. Təvəkkülsüz davrananlar isə həm dünyada sıxıntı, narahat və bədbəxt yaşarlar, həm də axirətdə sonsuz bir əzabla qarşılanırlar. Təvəkkülün insan üçün həm dünyada, həm də axirətdə böyük bir qazanc və rahatlıq olduğu açıq – aydın bir həqiqətdir. Allah təvəkküllə bağlı sirləri möminlərə verərək onların üzərindən çətinlikləri götürmüş və onlar üçün dünya həyatındakı imtahanı asan hala gətirmişdir